REGİONLAR
Tərtər çayı üzərində yeni körpünün inşası yekunlaşmaq üzrədir VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Bərdə şəhəri ərazisində Tərtər çayı üzərindəki yeni körpünün inşası işləri yekunlaşmaq üzrədir.
Bu barədə AZƏRTAC-a tikinti işlərini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Məlumata əsasən, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb. Hazırda körpüdə son tamamlanma işləri aparılır. Körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilir.
Dörd aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11,5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1,5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilir.
Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilir. Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilir. Bundan başqa, körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidən qurulması nəzərdə tutulub.
2018-ci ilin iyul ayında tikintisinə başlanılan körpüdə inşaat işlərinin yaxın aylar ərzində başa çatdırılması planlaşdırılır.