REGİONLAR
Tərtər: heyvanların cinsinin yaxşılaşdırılması məhsul istehsalının artmasına səbəb olur
Tərtər, 31 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, xaricdən lizinq yolu ilə cins mal-qaranın alınması, müasir təsərrüfatçılıq modellərinin yaradılması istiqamətində mühüm işlər görülüb.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev digər sahələr kimi, heyvandarlığın da inkişaf etdiyini vurğulayaraq deyib: 2004-cü ildə 196 min ton ət tədarük edilmişdir, keçən il 326 min ton. Bu sahədə də artım var. Cins mal-qaranın idxalı təmin edilir, süni mayalanma mərkəzi fəaliyyət göstərir. Hesab edirəm ki, bu sahədə irəliləyiş sürətli olacaq. Biz növbəti 5 il ərzində mal ətinin istehsalını 15 faiz artırmalıyıq”.
Ötən il Tərtərdə süni mayalanma yolu ilə 815 baş cins buzov doğulub
Son illərdə cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər görülür. Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Əldə edilən yüksək nəticələr, həmçinin süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. 2018-ci ildə rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 1840 baş inək və düyə süni yolla mayalandırılıb, 815 baş cins tərkibi yaxşılaşdırılmış buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz”, “Simmental”, “Şvis”, "Şarole" cinsindən olan buğaların toxumları istifadə edilir. Bundan başqa iribuynuzlu heyvanların cins tərkibini yaxşılaşdırmaq, bu sahənin inkişafına nail olmaq məqsədilə tərtərli təsərrüfat sahibləri tərəfindən lizinq yolu ilə 38 baş cins mal-qara alınıb.
Məhsul istehsalında artım qeydə alınıb
Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda heyvandarlıq məhsulları istehsalının artmasında özünü göstərir. Rayon Statistika İdarəsindən verilən məlumata görə, 2018-ci ildə bütün təsərrüfat kateqoriyaları üzrə 3071,2 ton ət (diri çəkidə), 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal edilib. 2017-ci ilə nisbətən diri çəkidə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artıb.