REGİONLAR


Tərtər idmançıları ötən il 374 medal və diploma layiq görülüblər

Tərtər, 9 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

2018-ci il Tərtər rayonunun idman həyatında uğurlu il olub.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tərtər rayonunda futbol, voleybol, kikboksinq, şahmat, boks, sərbəst güləş idman növləri fəaliyyət göstərir. Rayonun uşaq, yeniyetmə və gəncləri 100 idman qurğusundan, kəndlərdə yerləşən 35 futbol meydançasından, Tərtər şəhəri ərazisində 3 mini futbol meydançasından, 2 trenajor zalından istifadə edirlər. Hazırda rayonda Olimpiya İdman Kompleksi inşa olunur.

Ötən il rayon idmançıları beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb.

Rayonun gənc idmançısı boks üzrə üçqat Azərbaycan çempionu, yeniyetmələr üzrə yığma komandanın kapitanı Murad Allahverdiyev avqust ayında Serbiyada keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb. Oktyabr ayında isə Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bundan başqa, boks üzrə yeniyetmələrin Azərbaycan çempionatında Murad Allahverdiyev birinci, Sənan Əhmədov ikinci, Hüseyn İsazadə və Təbriz Nərimanov isə üçüncü yeri qazanıblar.

Məşqçi-müəllim kimi fəaliyyət göstərən Faiq Məmmədov Əməkdar məşqçi, gənclərin respublika çempionatında ən yaxşı məşqçi adlarına, boksçu Murad Allahverdiyev isə idman ustası adına layiq görülüb.

Bakıda keçirilən boks üzrə gənclərin Azərbaycan çempionatında Məhərrəm Məhərrəmzadə birinci, Elşən Cəbizadə üçüncü, boks üzrə məktəblilərin respublika birinciliyində Rəvan Quliyev birinci, Təbriz Nərimanov ikinci, Məmməd Quliyev və Hüseyn İsazadə üçüncü yeri tutublar.

Kikboksinq üzrə Bakıda keçirilən dünya çempionatında Fərid Qəhrəmanov, Qədir Bərxudarlı, Toğrul Nəcəfli, Nurlan Nəcəfli, Əli Cəfərzadə, Sərxan Fərəczadə və Tural Qafarov birinci, Murad Qurbanov və Banuçiçək Vəlizadə ikinci, Amil Şirinzadə isə üçüncü yerə layiq görülüblər. Ümumilikdə, ötən il kikboksinq idman növü üzrə rayonun komandası 7 zona çempionatında iştirak edərək, 284 medal gətirib. Rayonun sərbəst güləşçiləri də respublikanın müxtəlif regionlarında keçirilən yarışlarda yüksək nəticələr qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.