REGİONLAR
Tərtər: koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik tədbirlər davam etdirilir
Tərtər, 18 iyun, AZƏRTAC
Tərtər rayonunda koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə kompleks şəkildə profilaktik və maarifləndirmə tədbirləri davam etdirilir. Epidemiya ilə bağlı tibbi-profilaktik vəziyyət ciddi nəzarət altında saxlanılaraq təxirəsalınmaz işlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarının icrası ilə əlaqədar olaraq inzibati ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında isə mobil qrupun üzvləri ilə görüş olub. Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yerlərdə tətbiq etdiyi xüsusi karantin rejimi qaydalarının mərhələli şəkildə yumuşaldılmasından sonra vətəndaşların bir hissəsinin müəyyən olunmuş tələblərə və təcrid tövsiyələrinə riayət etməməsi səbəbindən ölkə üzrə infeksiyaya yoluxanların sayı kəskin artıb. Odur ki, Operativ Qərargahın müəyyən etdiyi qaydalara əsasən görülən tədbirlər daha da gücləndirməli, polis orqanlarının nümayəndələri ilə birgə qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə müəssisələrində, ictimai nəqliyyatda, müxtəlif ticarət və xidmət sahələrində tətbiq olunan tələblərə riayət edilməsinin mütəmadi olaraq monitorinqi aparılmalı, pozuntu hallarına yol vermiş qurum və ya cavabdeh şəxslər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülməlidir.
Əhali arasında dəfn mərasimləri istisna olmaqla yas mərasimlərinin keçirilməsinin qadağan olunması, ictimai yerlərdə sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadənin vacibliyi barədə geniş təbliğat-izahat işləri davam etdirilməlidir.