REGİONLAR


Tərtər məktəbliləri Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya başlayıblar VİDEO

Tərtər, 15 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində qazanılmış nailiyyətlərin dərindən öyrənilməsi məqsədi daşıyan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya qoşulan Tərtər məktəbliləri Qəbələ, Şəki və Zaqatala rayonlarını daha yaxından tanıyacaqlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 14-də tur-aksiyada iştirak edəcək şagirdlər Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Burada keçirilən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, tur-aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə gənc nəslin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin bilikli, dünyagörüşlü formalaşması, Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” adı ilə keçirilən maarifləndirici tur-aksiyada da məqsəd gənclərin dünyagörüşünü daha da zənginləşdirmək, onlara Vətənimizi daha yaxından tanıtmaq və sevdirməkdir.

Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə ətraflı məlumat verib. Ölkəmizin hər bir bölgəsinin özünəməxsus xüsusiyyətləri, təbiəti, tarixi abidələri, adət-ənənələri, kulinariyası olduğunu qeyd edərək, şagirdlərə səfərlərini xoş və mənalı keçirməyi, getdikləri rayonlar haqqında geniş məlumatlar əldə etməyi tövsiyə edib.

Martın 15-də rayonun mərkəzi meydanında məktəblilərin yolasalma mərasimi keçirilib. Rayon rəhbərliyi, təhsil işçiləri və valideynlər tur-aksiya iştirakçılarına tövsiyələr verib, səfərlərinin mənalı və maraqlı olmasını arzulayıblar.

Qrup rəhbəri Tunarə Məmmədzadə AZƏRTAC-a müsahibəsində deyib: "Qəbələ, Şəki və Zaqatala rayonları gözəl təbiəti, multikulturalizm ənənələri və tarixi məkanları ilə tanınır. Əminəm ki, məktəblilər tur-aksiyadan olduqca məmnun qalacaq və rayonumuza yüksək təəssüratlarla dönəcəklər. Onlar Şəki şəhərində Dövlət Tarix-Memarlıq Qoruğu, Xan sarayı, Yuxarı Karvansaray, Aşağı Karvansaray, Cümə məscidi, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi, sənətkarlar məhəlləsi və Kiş kəndində yerləşən qədim Alban məbədi ilə tanış olacaqlar. Tur çərçivəsində məktəblilər Zaqatalada Tarix-Mədəniyyət Qoruğu, Heydər Parkı, Dədə Qorqud Meydanı, Tarix-Diyarşünaslıq Muzeyi, fındıq emalı zavoduna, Qəbələdə isə Heydər Əliyev Mərkəzinə, Tarix-Diyarşünaslıq Muzeyinə, Heydər Əliyev adına Konqres Mərkəzinə, “Qəbələnd” istirahət mərkəzinə, “Beltmann” piano zavoduna, “Tufandağ” Xizəkçilik Kompleksinə və Qəbələ Konserv Zavoduna səfər edəcəklər. Həmçinin Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nohur gölünə, Vəndam şəlaləsinə, udinlərin yaşadığı Nic kəndinə ekskursiya edəcəklər. Səfər çərçivəsində intellektual oyunlar, musiqili-əyləncəli proqramlar da təşkil olunacaq”.

İsmayılbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Könül İmanova tur-aksiyada iştirak etdiyinə görə sevincini belə ifadə edib: “Ötən illərdə tur-aksiyada iştirak edən şagirdlər təəssüratlarını bizimlə də bölüşürdülər. Çox istəyirdim ki, bu aksiyada mən də iştirak edim. Bu arzum gerçəkləşib. İnanıram ki, səfərimiz maraqlı və mənalı olacaq".

Buruc kənd tam orta məktəbin şagirdi Elcan Aslanlı isə deyib: “Çox həyəcanlıyam. Gəzəcəyimiz yerləri, tanış olacağımız tarixi abidələri görməyə səbirsizlənirəm. Əminəm ki, səfərdən xoş təəssüratlarla dönəcəyik”.

Tur-aksiya iştirakçıları mərkəzi meydanda qurulmuş səməninin ətrafında rəqs ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra onlar üçün ayrılmış xüsusi avtobuslarla Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola düşüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.