REGİONLAR
Tərtər pambıqçıları məhsul yığımına hazırlaşırlar
Tərtər, 8 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər ağır zəhmət bahasına yetişdirdikləri məhsulun yığımına hazırlaşırlar. Ötən il hektarın orta məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanan Tərtər pambıqçıları bu ili də yüksək göstəricilərlə başa vurmağı qarşıya məqsəd qoyublar.
Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu il rayon ərazisində 2981 hektarda pambıq becərilib. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərilmə qaydalarına ardıcıl və düzgün əməl olunub, cərgələrarası becərmələr, alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri vaxtında aparılıb, bitkilər tələbata uyğun optimal müddətdə mineral gübrə və suvarma suyu ilə təmin edilib. Nəticədə yaxşı çıxış alınıb, barlı kollar yetişib. Bu isə məhsulun bol olacağından xəbər verir.
Rayonda pambıq yığımına hazırlıq işləri demək olar ki, başa çatıb - kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilib. Yaxın günlərdə sahələrdə defolyasiya işlərinə başlanılacaq. Rayonda sahələrin 90 faizində pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Pambıq yığımına 14 ədəd kombayn, 42 ədəd traktor, 83 ədəd qoşqu, 5 ədəd yükləyici, 12 ədəd çiləyici cəlb edəcək.
Qeyd edək ki, Tərtər pambıqçıları ötən il 3427 hektar sahədən 11 min 936,2 ton məhsul tədarük ediblər. Hər hektardan 34,8 sentner məhsul toplayan tərtərli pambıqçılar bu göstərici ilə respublikanın pambıqçılıq rayonları arasında birinci yerdə dayanıblar.