CƏMİYYƏT
Tərtər rayon sakininin minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudovun və qohumu Elşən Abbasovun dövlət nömrə nişanı məlum olmayan “Niva” markalı avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşmələri barədə rayon prokurorluğuna məlumat verilib.
Tərtər Rayon Prokurorluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış istintaqla həmin şəxslərin işğaldan azad olunmuş əraziyə gələrək avtomobildən enmələri, Bəxtiyar Mahmudovun avtomobilin ön hissəsinə keçərək minaya düşməsi müəyyənləşdirilib.
Prokurorluq əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman həmin ərazidə meyit fraqmentləri aşkarlanıb. Həmin fraqmentlərin Bəxtiyar Mahmudova aid olub-olmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin olunub, eyni zamanda, hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.