REGİONLAR
Tərtər rayonu üzrə 265 qazi və şəhid ailəsi üzvü özünüməşğulluq proqramına cəlb edilib VİDEO
Tərtər, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi şəhid ailələri və qazilər üçün özünüməşğulluq proqramı üzrə yaradılan kiçik təsərrüfatlarla tanışlıq məqsədilə növbəti mediatur təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, jurnalistlər Tərtər rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Məlumat verilib ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Şəhid atası özünüməşğulluq proqramına qoşularaq öz kiçik biznesini qurub
Şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək kiçik biznesini qurub.
Alim Mehdiyev özünün yeni fəaliyyət sahəsindən razılıqla söhbət açır: “Bərbər fəaliyyəti göstərmək üçün lazımi avadanlıqlarım yox idi. Odur ki, özünüməşğulluq proqramına qoşulmaq üçün müraciət etdim. Kursa cəlb edildim. Şəhid ailəsi olduğumuz üçün növbədənkənar olaraq lazımi avadanlıqlarla, o cümlədən güzgülü mebel dəsti, çanaqlı, güzgülü saçyuma mebel dəsti, bərbər kreslosu, saç qurutma feni, saç kəsmə maşını, sterilizə aparatı, elektrikli su qızdırıcı, 3 ədəd stul, kondisionerlə təmin olundum. İndi çox rahat iş şəraitim var. Bu şəraiti yaratdığına görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
Vətən müharibəsi qazisi avtotəmizləmə avadanlıqları ilə təmin edilib
Vətən müharibəsi iştirakçısı Ceyhun Quliyev isə özünüməşğulluq proqramına qoşularaq avtotəmizləmə sahəsi üzrə avadanlıqlarla təmin edilib.
Ceyhun Quliyev özünüməşğulluq proqramına qoşulması ilə bağlı deyib: “Vətən müharibəsindən sonra Dövlət Məşğulluq Agentliyinin ərazi məşğulluq filialına avtoyuma fəaliyyəti ilə bağlı müraciət etdim. Təlimlərə cəlb olundum və qısa müddət sonra mənə yuma aparatı, tozsoran, köpük-maye püskürmə və buxarlı təmizlik avadanlıqları verildi. Çox razıyam. Avadanlıqlarım yeni və müasir olduğu üçün müştərilərim də çoxdur”.
Şəhid anası heyvandarlıq sahəsi üzrə təsərrüfat yaradıb
Şəhid Xəyal Aslanovun anası Nəzakət Aslanova proqramdan yararlanaraq iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaradıb.
“Oğlum Xəyal Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Müharibədən sonra müraciət edərək özünüməşğulluq proqramına qoşuldum. Üç baş iribuynuzlu heyvanla təmin edildim. Artıq inəklərdən ikisi bala verib. Heyvanlardan əldə etdiyim südlə həm ailəmin dolanışığını təmin edir, həm də satışını həyata keçirərək ehtiyacımızı ödəyirik”, - deyə şəhid anası vurğulayıb.
Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya, onlara öz kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar öz ailə təsərrüfatlarını gələcəkdə genişləndirmək əzmində olduqlarını vurğulayıblar.
Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin müdiri Mayis Musayev jurnalistlərə müsahibəsində 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri üzvlərinin, qazilərin sosial dəstəklə təminat tədbirləri barədə məlumat verib. Bildirib ki, artıq 31 min şəxsi əhatə edən bu tədbirlərin bir istiqaməti də onların məşğulluq məsələlərinin həllidir. Postmüharibə dövründə həmin kateqoriyalara aid 5320 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 2019 şəxs isə münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu il iyunun 10-dan başlanan “Məşğulluq marafonu”na artıq 548 işəgötürən qoşulub və 2967 vakansiya təqdim edilib. Həmin vakansiyalar üzrə artıq 873 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.