CƏMİYYƏT
Tərtər rayonun Cəmilli kəndində bir partlamamış hərbi sursat aşkarlanıb VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
İyunun 3-də 7 ev və həyətyanı sahəyə, 3 əkin sahəsinə, 16 partlayış yerinə baxış keçirilib. Tərtər rayonunun Cəmilli kəndində bir partlamamış hərbi sursat (1 qrad raketinin mühərrik hissəsi) aşkarlanaraq götürülüb. Gün ərzində 44 min 610 kvadratmetr ərazi minalardan təmizlənib.
Bu barədə ANAMA-nın iyunun 3-də Füzuli, Ağdam, Tərtər və Samux rayonlarında aşkar olunmuş partlamamış hərbi sursatlar barədə təqdim etdiyi hesabatında bildirilir.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonunun Qaradağlı, Tərtər rayonunun Şıxarx kəndlərində, Füzuli rayonunun Horadiz şəhərində ev və həyətyanı sahədə, əkin sahələrində partlayış yerlərinə baxış keçirilib. Yoxlanılan ərazi 36 min 610 kvadratmetr təşkil edib.
Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 3-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 568 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 21 fermaya, əkin sahələrinə və 1 şərab zavodu ərazisinə baxış keçirilib. 1489 partlamamış hərbi sursat, 11 piyada əleyhinə, 3 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə minalar aşkar edilərək zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.