REGİONLAR
Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol yenidən qurulur
Bakı, 1 aprel, AZƏRTAC
Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yolun əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, yerli əhəmiyyətli avtomobil yolun torpaq və çınqıl örtüklü olması sözügedən yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirir, əhalinin rahat gediş-gəlişinə maneə yaradırdı. Sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq, 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yolun genişləndirilməsi işləri aparılır. Bundan başqa, torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilir. Yol əsasının alt layının tikintisi optimal qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılır.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud boruların yeniləri ilə əvəz olunması, zəruri yerlərdə yenilərinin inşa edilməsi layihədə nəzərdə tutulan işlərdəndir. Bu məqsədlə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılır. Bu işlərin ardınca yolun asfaltlanması işlərinə başlanılacaq. Bunun üçün təqribən 200 min kvadratmetr sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidiləcək.
Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Son dövrlərdə cəbhəyanı yaşayış məntəqələrini birləşdirən yolların inşası, müasir tələblər səviyyəsində yenidən qurulması ümumilikdə, ölkəmizin iqtisadi potensialını artırır. Belə ki, bu cür yolların yenidən qurulması vətəndaşlarımızın birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradır, yük və sərnişin daşımasını asanlaşdırır, kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına səbəb olur.