CƏMİYYƏT
Tərtər rayonunda 1 ədəd mərmi tapılıb
Bakı, 30 mart, AZƏRTAC
Martın 29-da saat 16:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Hüsənli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tərtər rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon polis şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd PQ-7 raketinin yanmış mühərrik hissəsi aşkar olunaraq, agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin ətrafında 300 kvadratmetr əraziyə yerüstü, 100 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.