CƏMİYYƏT
Tərtər rayonunda əkin sahəsində raket mərmisinin partladıcısı tapılıb VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri martın 3-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Tərtər rayonunun Qaynaq kəndində 1 əkin sahəsinə baxış keçiriblər. Baxış zamanı bir raket mərmisinin partladıcısı “QDT-90” və mühərrik hissəsinin partlamış qalıqları aşkarlanaraq götürülüb. Ümumilikdə min kvadratmetr ərazi yoxlanılıb.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, yanvarın 1-dən martın 3-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 117 evə və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Ümumilikdə 1969 partlamamış hərbi sursat, tank əleyhinə 66 mina və piyada əleyhinə 5 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 840 min 18 kvadratmetr ərazi (415 min 596 kvadratmetr əl ilə, 195,6 min kvadratmetr mexaniki üsulla, 113 min kvadratmetr “Sensys” dərinlik ölçən cihazı və 115 min 822 kvadratmetr minaaxtaran itlərlə) yoxlanılıb.