CƏMİYYƏT
Tərtər rayonunun Qaraağacı kəndində partladıcı başlıq aşkarlanıb
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Qaraağacı kəndində bir mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumatlara əsasən qurumun xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir partladıcı başlıq (RQM-2) aşkar edilib. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkarlanmış minanın ətrafında iki min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1-dən noyabrın 25-dək ümumilikdə 7525 partlamamış hərbi sursat, tank əleyhinə 204 və piyada əleyhinə 34 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 944 min 892 kvadratmetr ərazi yoxlanılıb.