REGİONLAR
Tərtər rayonunun Yuxarı Sarıcalı kəndinə təbii qaz verilib VİDEO
Tərtər, 17 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunun yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, rayonun Yuxarı Sarıcalı kəndinə təbii qazın verilməsi münasibətlə keçirilən mərasimlərdə rayon ictimaiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilən sosial-iqtisadi inkişafdan, reallaşdırılan layihələrdən danışıblar. Bildirilib ki, ölkəmizdə görülən işlərin mərkəzində insan amili, onun maddi-rifah halının, sosial məişət şəraitinin yaxşılaşdırılması durur.
Məlumat verilib ki, hazırda Tərtər şəhəri və rayonun 28 kəndi təbii qazla təmin olunub. Seydimli, Köçərli, Cəmilli, Borsunlu, İlxıçılar, Azadqaraqoyunlu, Dəmirçilər, Ağkənd, Sarov, Bəyimsarov, Qaradağlı, Bayandur kəndlərinə qaz çəkilişi davam etdirilir.
128 abonenti olan Yuxarı Sarıcalı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12 min 824 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Sakinlər regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.