REGİONLAR
Tərtər: suvarma kanalları lildən təmizlənir, yeni beton kanallar çəkilir VİDEO
Tərtər, 17 dekabr, AZƏRTAC
Bərdə Melioservis İdarəsi Tərtər rayonu ərazisində meliorativ tədbirləri davam etdirir. İdarə əsasən torpaq məcralı kanalların lildən və kol-kosdan təmizlənməsini, həmçinin kanalların beton üzlüyə alınması işlərini həyata keçirir.
Bərdə Melioservis İdarəsinin rəisi Nüsrət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Tərtər rayonunun Qapanlı kəndi ərazisində uzunluğu 12 kilometr olan torpaq məcralı kanal lildən təmizlənir. Kanal 1000 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Görülən işlər nəticəsində suyun maneəsiz axını təmin olunur və suvarma suyu əkin sahələrinə daha tez çatdırılır. Bu isə məhsuldarlığa müsbət təsirini göstərir. Kanalın keçdiyi ərazilərdə daha çox taxıl bitkiləri əkilir.
Bərdə Melioservis İdarəsi su itkisinin qarşısının alınması istiqamətində Tərtər rayonunun Ələsgərli kəndi ərazisindən keçən R-3-25 kanalında beton işlərini yekunlaşdırıb. Ümumi uzunluğu 12 kilometrə yaxın olan torpaq məcralı kanalın 1100 metrinə bu il beton üzlük çəkilib. Bununla da həmin ərazidə əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin, o cümlədən həyətyanı sahələrin suvarılması daha da yaxşılaşıb.
Qeyd edək ki, Bərdə Melioservis İdarəsi bu il Yuxarı Qarabağ kanalında 39 kilometr məsafədə lildən təmizləmə işlərini yekunlaşdırıb. Bundan başqa Tərtər rayonunun Bəyimsarov kanalını 14 kilometr, Qaradağlı kanalını 10 kilometr, Xoruzlu kanalını 20 kilometr, Buruc kanalını 9,6 kilometr, Qapanlı kanalını 10 kilometr, Kəngərli kanalının isə 15 kilometr məsafədə lildən təmizlənməsini həyata keçirir. Ümumi olaraq 78,6 kilometr torpaq məcralı kanalların lildən təmizlənməsi nəzərdə tutulub və artıq işlərin böyük bir hissəsi yerinə yetirilib. Bu isə 250 min kubmetr torpaq işi deməkdir.