REGİONLAR
Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən avtomobil yolu yenidən qurulur VİDEO
Tərtər, 29 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.
Tikintidə iş icraçısı Saləddin Dadaşov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sözügedən avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq, 2 hərəkət zolağı enində IV texniki dərəcəyə uyğun yenidən qurulur. Ümumi eni 10 metr olan yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir. Tikinti işləri çərçivəsində çınqıldan istifadə etməklə yol yatağının inşası başa çatdırılmaq üzrədir. Yolun torpaq yatağının bərpası üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə çınqıl qruntu tökülərək kipləşdirilib. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb, yolun genişləndirilməsi işləri aparılıb. Torpaq yatağı hazır olan hissələrdə yeni yol əsası inşa edilib. Yol əsasının alt layının tikintisi qırmadaş, üst layının tikintisi isə qum-çınqıl qarışığı ilə aparılıb.
Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədilə 2 yerdə düzbucaqlı su keçidlərinin, müxtəlif diametrli dəmir-beton su ötürücü boruların tikintisi işləri də aparılıb.
Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür, yolun çiyin hissələri optimal-çınqıl materialı ilə bərkidilir. İki laydan ibarət asfalt-beton örtüyünün ümumi qalınlığı 12 santımetrdir. Artıq avtomobil yolunun Səhləbad, Əskipara, Qaraağacı, Yuxarı Qaradağlı və Qapanlı kəndlərini birləşdirən 16 kilometr hissəsinə iki qat olmaqla asfalt örtüyün döşənməsi həyata keçirilib. Avtomobil yolunun tikintisinə lazımi sayda işçi və texnika cəlb edilib.
Layihənin sonuncu mərhələsində yolboyu zəruri yerlərdə avtobus dayanacaqları, yol nişanı, kilometr göstəricisi və siqnal dirəkləri quraşdırılacaq, hərəkətin normal təşkili üçün üfüqi nişanlama xətləri çəkiləcək.
Tərtər rayonunun cəbhəyanı kəndlərini birləşdirən avtomobil yolunun yenidən qurulması ilə vətəndaşlarının gediş-gəlişi rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Bu isə sakinlərin birbaşa olaraq sosial rifah halına müsbət təsir göstərəcək, kənd təsərrüfatının inkişafına təkan verəcək. Odur ki, yolun yenidən qurulması kənd sakinlərinin sevincinə səbəb olub.
Qaraağacı kənd sakini Musa Qurbanov deyib: "İş yerim rayon mərkəzində olduğu üçün bu yolları hər gün gedib-gəlirəm. Əvvəllər yollarımız yaxşı deyildi. Odur ki, həm avtomobilimiz sıradan çıxır, həm də vaxt itirirdik. Xüsusən payız-qış aylarında istər avtonəqliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində problemlər yaranırdı. İndi isə yollarımız yüksək keyfiyyətlə yenidən qurulur. Kəndimiz elektrik enerjisi, təbii qaz, su ilə təmin olunub. Bu gün yol sarıdan çətinliyimiz də aradan qaldırılır. Kəndimiz şəhərdən heç də geri qalmır”.
Digər sakin Elçin İsmayılov isə deyib: "Yağış yağanda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirdik. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır. Yolun asfaltlanması ilə həm də əkib-becərdiyimiz məhsulları, saxladığımız mal-heyvanı bazarlara rahatlıqla apara biləcəyik. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.