REGİONLAR
Tərtərdə 21 min sakinin yaşadığı 11 kəndin içməli su təchizatı yaxşılaşdırılacaq
Tərtər, 5 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 14 may tarixli Sərəncamı ilə hər il iyunun 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə Tərtərdə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar arzulayıb, ölkəmizdə digər sahələrdə olduğu kimi, su təsərrüfatı sektorunda da qazanılan uğurlardan danışıb. Bildirilib ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Hər il yeni subartezian quyuları qazılır, arx və kanallar çəkilir.
Diqqətə çatdırılıb ki, Tərtər rayonunda əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün də lazım olan tədbirlər görülür. Suya ehtiyac olan yaşayış məntəqələrində yeni subartezian quyuları qazılaraq sakinlərin istifadəsinə verilir. Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi ötən il başa çatıb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Yaxın gələcəkdə rayonun 21 min sakininin yaşadığı 11 kəndin də içməli su təchizatı yaxşılaşdırılacaq. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Tədbirin sonunda bir qrup su təsərrüfatı və meliorasiya işçilərinə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.