REGİONLAR
Tərtərdə 23 minə yaxın sakin tibbi müayinədən keçib VİDEO
Tərtər, 21 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır.
Bu günədək 22 min 701 nəfər tibbi müayinədən keçib. Onlardan 1770 nəfəri ambulator, 28 nəfəri stasionar müalicəyə cəlb olunub, 3 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib. Artıq 59 idarə və təşkilatın kollektivi müayinə olunub. Ümumilikdə tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 57 min 343 nəfərin keçməsi nəzərdə tutulub.