REGİONLAR
Tərtərdə 470-dən çox aztəminatlı ailəyə, tənha ahıl şəxslərə ərzaq yardımları təqdim olunub
Tərtər, 9 aprel, AZƏRTAC
Tərtər rayonunda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq sakinlər arasında maarifləndirici söhbətlər aparılır, dezinfeksiya işləri və karantin tədbirləri planlı şəkildə, ciddi nəzarət altında həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində hər gün idarə və müəssisələrin inzibati binalarında, ictimai yaşayış yerlərində, binaların giriş blokları və pilləkənlərində, ümumilikdə, bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Küçələr xüsusi ayrılmış avtomobillərlə dezinfeksiya olunur.
Rayonda aztəminatlı, tənha, ahıl insanlar da daim diqqət mərkəzində saxlanılır, müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələrlə təmin edilirlər. Bu günədək Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, ayrı-ayrı sahibkarların və iş adamlarının dəstəyi ilə 470 nəfərdən çox aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan tənha, kimsəsiz insanlara ərzaq yardımı, 130-dan çox ailəyə isə gigiyenik vasitələr paylanıb. Bu istiqamətdə işlər davam etdirilir.