REGİONLAR
Tərtərdə 58 min 365 nəfər sakin kütləvi tibbi müayinədən yararlanıb
Tərtər, 16 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən əhalinin kütləvi tibbi müayinədən keçirilməsi aksiyası cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da başa çatıb. Fevralın 12-də başlanan və üç ay davam edən aksiya çərçivəsində rayonda yaşayan 58 min 365 nəfər sakin müayinədən keçib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində də aparılıb. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilib. Tibbi aksiya zamanı müayinə olunan vətəndaşlardan 4316 nəfəri ambulator, 76 nəfəri stasionar müalicəyə cəlb edilib.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanıb.