REGİONLAR
Tərtərdə 8078,8 hektar sahədə yazlıq səpin aparılıb
Tərtər, 5 iyun, AZƏRTAC
Respublikanın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da yaz-tarla işləri uğurla davam etdirilir. Kəndlilər, torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bu günədək 8078,8 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bunun 3300 hektarı pambıq, 859 hektarı şəkər çuğunduru, 1434,9 hektarı dən üçün günəbaxan, 1014,7 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 487,4 hektarı kartof, 107 hektarı dən üçün qarğıdalı, 31,7 hektarı noxud, 5 hektarı darı, 18 hektarı soya, 7,9 hektarı lobya, 812,2 hektarı yem bitkiləri, 1 hektarı bostan bitkiləridir.
Tərtər rayonunda arpa biçininə də start verilib. 4010,7 hektarda arpa becərən tərtərli torpaq mülkiyyətçiləri 27 hektar sahədə biçin aparıblar. Sahələrdən 100,4 ton məhsul toplanıb. Hər hektardan məhsuldarlıq 37,2 sentnerdir.