REGİONLAR
Tərtərdə 8 mindən çox sakin kütləvi tibbi müayinədən yararlanıb
Müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir
Tərtər, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsi vətəndaşların sağlamlığına göstərilən qayğının təzahürüdür.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev əhalinin tibbi müayinədən keçməsinin vacibliyinə toxunaraq deyib: “Bildiyiniz kimi, hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir. Bu da bizim təşəbbüsümüzdür, çox müsbət təşəbbüsdür. Hazırda bizdə vətəndaşların tibbi müayinədən keçmələri üçün hər bir yerdə müasir avadanlıq quraşdırılmış xəstəxanalar var. Bu da çox ciddi sosial layihədir və Azərbaycan bu sahədə də gözəl nümunə göstərir”.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətimizin başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq, respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonda xüsusi komissiya yaradılıb, tibb ocaqlarında iş qrafiki tərtib edilib. Tibbi müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında, kəndlərdəki tibb məntəqələrində da aparılır. Bundan başqa, yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kəndlərində də əhalinin tibbi müayinəsi həyata keçirilir.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müayinələrin yüksək səviyyədə aparılması, vətəndaşların rahatlığı üçün xəstəxana zəruri avadanlıqlarla təchiz olunub, lazımi şərait yaradılıb. Sakinlər əsasən terapevt, endokrinoloq, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq, ginekoloq tərəfindən müayinə edilir, kardioqram, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir.
Tibbi müayinədən rayonun 54 yaşayış məntəqəsindən yaşı 18-dən yuxarı olan 59 min 186 nəfərin keçməsi nəzərdə tutulub. Artıq fevralın 12-dən başlayan aksiya zamanı 8081 nəfər sakin tibbi müayinədən keçərək, öz sağlamlıqları barədə ətraflı məlumat əldə edib. Müayinə olunanlar arasında ürək-damar, oynaq, bronxit, kəskin respirator xəstəliklərdən əziyyət çəkənlər üstünlük təşkil edir. Sakinlərdən 658 nəfəri ambulator, 5 nəfəri stasionar müalicəyə cəlb edilib.
Ölkəmizdə hər il keçirilən əhalinin kütləvi müayinəsi cəbhə bölgəsinin sakinləri tərəfindən razılıqla qarşılanır.