REGİONLAR
Tərtərdə 9477 hektar sahədə yazlıq səpin aparılıb
Tərtər, 4 iyun, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri yazlıq bitkilərin əkinini yekunlaşdırıblar.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, 9477,52 hektar sahədə yazlıq səpin həyata keçirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. Əkinlərin 6 hektarı yazlıq buğda, 670,5 hektarı şəkər çuğunduru, 972 hektarı yonca, 2481,6 hektarı dən üçün günəbaxan, 3427,02 hektarı pambıq, 400,5 hektarı kartof, 1161,3 hektarı tərəvəz, 45 hektarı noxud, 26,5 hektarı dən üçün lobya, 60,6 hektarı yem üçün sorqo, 11 hektarı soya, 1 hektarı qarabaşaq, 4 hektarı darı, 175,5 hektarı dən üçün, 35 hektarı isə yem üçün qarğıdalıdır.
Hazırda tərtərli fermerlər yazlıq əkinlərdə becərmə işlərini davam etdirir, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayonda, həmçinin arpa biçininə də start verilib. Bütün qüvvələr strateji məhsulun itkisiz yığılmasına səfərbər olunub.