REGİONLAR
Tərtərdə Beynəlxalq Əlillər Günü ilə əlaqədar keçirilən yarışların qalibləri mükafatlandırılıb
Tərtər, 3 dekabr, AZƏRTAC
Tərtərdə 3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi əlilləri arasında keçirilən stolüstü idman oyunları (şahmat, nərd, tennis, bilyard) üzrə yarışların qalibləri mükafatlandırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər. Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasında belə tədbirlərin təşkilinin xüsusi önəm kəsb etdiyi vurğulanıb. Bildirilib ki, bugünkü tədbirin keçirilməsində də məqsəd əlilliyi olan şəxslərin idmana maraqlarının artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği, onlarda özünə inam hissinin və özünü cəmiyyətdə təsdiqləmək əzminin yüksəldilməsidir.
Sonra yarışda I, II və III yerləri tutmuş şəxslərə mükafatlar, final turunda iştirak edənlərin hər birinə təşəkkürnamələr təqdim olunub.