REGİONLAR
Tərtərdə “Dənli bitkilərin toxumluq əkin sahələrində aprobasiyanın aparılması” mövzusunda müşavirə keçirilib
Tərtər, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti Tərtərdə “Dənli bitkilərin toxumluq əkin sahələrində aprobasiyanın aparılması” mövzusunda müşavirə keçirib.
Müşavirədə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Tərtər rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri, regional toxum sertifikatlaşdırma laboratoriyalarının və onların müvafiq rayonlar üzrə baş aqronomları, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının toxumçu alimləri, bölgənin toxumçuluq təsərrüfatlarının rəhbərləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov tədbirin keçirilməsində məqsədin toxum istehsalı ilə məşğul olan dövlət və özəl toxumçuluq təsərrüfatlarının toxumluq əkinlərində aprobasiya aparacaq mütəxəssisləri aprobasiyanın aparılma qaydaları barədə məlumatlandırmaqdan ibarət olduğunu bildirib.
Tədbirdə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəis müavini Qərib Novruzlunun “Dənli bitkilərin toxumluq əkin sahələrində aprobasiyanın aparılması” mövzusunda çıxışı dinlənilib. Dövlət Xidmətinin rəhbərliyi tərəfindən aprobasiyanın optimal müddətdə, şəffaf və səmərəli şəkildə yerinə yetirilməsi ilə bağlı mütəxəssislərlə müzakirələr aparılıb və tapşırıqlar verilib.
Sonra aprobasiya aparacaq baş aqronomlara müvafiq vəsiqələr təqdim olunub.
Tədbir iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında yeni yaradılmış və dövlət qeydiyyatına alınmış taxıl sortlarına baxış keçirib, elit toxum istehsalının təşkili ilə maraqlanıblar.