REGİONLAR
Tərtərdə “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” layihəsinin icrasına yekun vurulub
Tərtər, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” layihəsinin icrasına yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər rayon Qaraağacı kənd tam orta məktəbində keçirilən tədbirdə layihə rəhbəri Yasin Əliyev və təlimçi, AMEA-nın Fəlsəfə İnstitutunun dissertantı Şöhrət Eyvazov çıxış edərək, layihə haqqında məlumat veriblər. Bildirilib ki, layihədə əsas məqsəd Ermənistanın ölkmizə qarşı həyata keçirdiyi ekoloji terrorun ağır nəticələri haqqında məlumat toplamaq və bu bilikləri ictimaiyyətə, xüsusən də gənc nəslə çatdırmadır. Layihəyə uyğun olaraq “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videoçarxı hazırlanıb və eyniadlı buklet nəşr olunub. Videoçarx əsasən Bərdə və Tərtər rayonlarının ekoloji terrora məruz qalan ərazilərində çəkilib. Çəkiliş zamanı meşələrin və torpaqların yandırılması, qadağan olunmuş mərmilərin atılması və başqa mövzularda olan arxiv materiallardan da istifadə edilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev və Qaraağacı kənd tam orta məktəbinin direktoru Rəşad Qarayev layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, layihə çərçivəsində hazırlanan "Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videoçarxı və eyniadlı buklet gənclərimiz üçün Ermənistanın ölkəmizə qarşı apardığı informasiya müharibəsində yeni mənbə olacaq.
Videoçarxın nümayişindən sonra mövzu ilə bağlı diskussiya aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçılarına "Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” videoçarxı olan disk, eyniadlı buklet və sertifikatlar təqdim olunub.