REGİONLAR
Tərtərdə Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təqdim edilib
Tərtər, 16 iyun, AZƏRTAC
Milli Qurtuluş Günü münasibətilə Tərtər şəhərindəki Heydər Əliyev adına Parkda konsert proqramı təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, Bərdə Regional Mədəniyyət İdarəsinin rəhbərlərinin, şəhid ailələrinin üzvlərinin, qazilərin, veteranların, idarə, müəssisə, təşkilatların kollektivlərinin, ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderə həsr olunmuş filmə baxış olub.
Heydər Əliyev adına Parkda açıq yay klubunda təşkil olunmuş konsert proqramından rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Bildirib ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş günüdür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan daim xalqına arxalanan Heydər Əliyevdir.
Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş 2-ci qrup Vətən müharibəsi qazisi İsmayıllı Kamal Adil oğlunun medalları özünə təqdim edilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova çıxış edərək, Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən danışıb.
Tədbir konsert proqramı ilə davam edib. Əməkdar artist Aybəniz Haşımova və onun Sənət Akademiyasının tələbələrinin, Bərdə Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivlərinin, Vətən müharibəsi şəhidi Aysənan Abbasovun qızı Banu Abbasovanın, 5 saylı körpələr evi-uşaq bağçasının yetirməsi Nur Babayevanın çıxışları iştirakçılar tərəfindən maraqla dinlənilib. İki saat davam edən bayram konserti iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.