REGİONLAR


Tərtərdə Umudlu şəhidlərinin xatirəsinə inşa edilmiş bulağın açılışı olub

Tərtər, 29 sentyabr, AZƏRTAC

Tərtər rayon Umudlu kənd tam orta məktəbində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Umudlu kəndi haqqında danışıb. Bildirib ki, Umudlu kəndi Birinci Qarabağ müharibəsində 5, Vətən müharibəsində isə 3 şəhid verib. Vurğulayıb ki, məhz şəhidlərimizin və igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olunub.

M.Məmmədov Vətən müharibəsində Tərtərin infrastrukturuna dəyən ziyandan danışıb, rayondan olan 66 hərbi, 16 mülki şəhidin şərəfli həyat yolundan bəhs edib. Bildirib ki, şərəfli döyüş yolu keçərək torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulanıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə qələbə sevincini yaşadıb, Zəfər gününü tarixə yazıb.

Tədbirdə çıxış edən Umudlu kənd sakini, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, şəhid anası Səadət Bağırova, şəhid atası Şəmil Abbasov, şəhid qardaşı Şakir Ərəbov, Vətən müharibəsi qazisi Amid Paşayev, məktəbin direktoru Könül Hacıyeva 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan ordumuzdan, son günlər dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.