REGİONLAR
Tərtərdə Yeni il şənliyi keçirilib
Tərtər, 28 dekabr, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Tərtər şəhərinin mərkəzi meydanında ümumrayon bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon ictimaiyyətinin, əmək kollektivlərinin, gənclərin, məktəblilərin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 2016-cı ildə qazanılan uğurlardan danışıb.
Diqqətə çatdırılıb ki, yola saldığımız ildə rayonun makroiqtisadi göstəriciləri yüksəlib, tikinti-quruculuq və abadlıq işləri davam etdirilib, kənd təsərrüfatı nəzərəçarpacaq dərəcədə inkişaf edib. Cəbhəyanı kəndlərdə sosial problemlərin həlli istiqamətində mühüm işlər görülüb, Tərtər şəhəri daha da inkişaf edib, gözəlləşib.
Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır, Sarov kəndi ərazisində İncəçay üzərində yerləşən qəzalı vəziyyətdə olan körpünün tikintisi davam etdirilir. Tarix-Diyarşünaslıq Muzeyinin tikintisində son tamamlama işləri aparılır. Tərtər şəhər 6 nömrəli tam orta, Seydimli kənd tam orta və Qazyan kənd ümumi orta məktəbləri təmir edilir.
Tədbirdə 2016-cı ildə rayonun ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında fərqlənənlərə fəxri fərmanlar, 100 nəfərə ərzaq yardımı, 100 nəfərə isə qiymətli hədiyyələr verilib.
Bayram şənliyində Şaxta baba və Qar qız tərtərlilərə Yeni il arzularını çatdırıb, uşaqlarla birgə rəqs edib. Rayonun musiqi kollektivləri rəngarəng konsert proqramı ilə iştirakçılarda xoş ovqat yaradıblar.