REGİONLAR
Tərtərdə bu günədək pambıq əkinləri üçün 2784 hektar sahədə qış şumu aparılıb
Tərtər, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Ötən il hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Tərtər pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2020-ci ildə Tərtər rayonunda 2981 hektar sahədə pambıq becərilib, 11 min 580 ton məhsul istehsal edilib. Hər hektardan məhsuldarlıq 38,84 sentner təşkil edir. Bu göstərici ilə Tərtər rayonu pambıqçılıq rayonları arasında ikinci yerdədir.
Tərtərli fermerlər 2021-ci təsərrüfat ilinə də inadla başlayıblar. Rayonda 3500 hektar sahədə çiyid səpilməsi nəzərdə tutulur. İndiyədək 2784 hektar sahədə qış şumu aparılıb. Torpaq sahiblərinin sözlərinə görə, gələcək bol məhsulun bünövrəsi məhz bu dövrdə qoyulur. Fermerlər strateji sahə olan pambıqçılığı inkişaf etdirmək və bol məhsul götürmək üçün növbəli əkin sisteminə üstünlük verirlər. Artıq “MKT İstehsalat Kommersiya” MMC və "Azərpambıq” MMC ilə 3004,88 hektar sahədə pambıq əkilməsi üçün 995 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə mart ayının sonu - aprel ayının əvvəllərində başlanacaqdır.