CƏMİYYƏT


Tərtərdə dini radikalizmlə mübarizəyə və birgə fəaliyyətin təşkilinə dair seminar-müşavirə işə başlayıb

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Tərtərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük seminar-müşavirə öz işinə başlayıb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə din xadimləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək rayondakı dini durum haqqında məlumat verib. Qeyd edib ki, cəbhə bölgəsində bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Bir neçə il bundan əvvələ kimi dini radikalların təsiri altına düşənlərə rast gəlinirdisə, bu gün dövlətimizin apardığı tədbirlər nəticəsində belə faktlar müşahidə edilmir. Ölkə rəhbərliyinin dini sahədə həyata keçirdiyi işlərdən geniş söhbət açan icra başçısı Dövlət Komitəsinin bu istiqamətdə gördüyü işlərin müsbət nəticələr verdiyini vurğulayıb.

Müstəqim Məmmədov qeyd edib ki, Azərbaycanın sürətli inkişafı bəzi dairələri hər zaman narahat edib. Buna görə də hər fürsətdə ölkəmizə, onun rəhbərliyinə qarşı qarayaxma kampaniyaları aparır, Gəncədəki kimi qarışıqlıq salmağa çalışırlar. Hamımız ayıq-sayıq olmalı, dövlətimizin bütövlüyünə, müstəqilliyimizə qarşı yönəlmiş bu kimi təxribatları dəf etməliyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin dini dəyərlərimizin dirçəlməsinə yönəldiyini, milli-mənəvi dəyərlərimizə hər zaman böyük ehtiram və qayğı ilə yanaşdığını deyib. Bu nümunəvi siyasətin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin, dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulmasının nəticəsidir ki, bu gün ölkəmizdə dini baxımdan sabitlik mövcuddur.

Dövlət Komitəsi sədrinin birinci müavini diqqətə çatdırıb ki, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, dini dözümlülük, tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi, o cümlədən dini radikalizm və dini ekstremizm kimi mənfi elementlərlə mübarizə sahəsində ən təsirli üsullardan biri maarifləndirmədir. S.Salahlı dini maarifləndirmə işinin aparılmasında dini icmaların da üzərinə böyük vəzifə və məsuliyyət düşdüyünü qeyd edib, onları müasir dövrün bəlası hesab edilən dini radikalizmə, xurafata yol açan amillərin qarşısını almaqda, milli-mənəvi dəyərlər ruhunda gənc nəsil yetişdirməkdə fəal olmağa çağırıb.

S.Salahlı onu da qeyd edib ki, respublikamızda qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.

Dini radikalizmin fəsadlarından da danışan natiq dünyanın bir çox ölkəsinin dini ekstremizm və terrordan ciddi əziyyət çəkdiyini deyib və bildirib ki, bu gün dünyada, əsasən də müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır. Maraqlı dairələr, beynəlxalq güclər bu amildən məharətlə istifadə edirlər.

Gəncədə baş verən hadisələr haqqında da danışan S.Salahlı ölkədə xaos yaratmaq cəhdlərinin xalqımızın və dövlətimizin əzmi sayəsində növbəti dəfə süquta uğradığını vurğulayıb. O, bu hadisələrin dövlətimizə qarşı törədilən terror olduğunu deyib.

Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov Prezident İlham Əliyevin ölkə dindarlarına diqqət və qayğısından danışıb. Qeyd edib ki, dövlətimizin bu qayğısının müqabilində bəzi dairələr din pərdəsi altında Gəncə şəhərində qarışıqlıq yaratmaq istədilər. “Əlbəttə, hadisədən dərhal sonra Azərbaycan cəmiyyəti, dindarlarımız sərt reaksiya verərək bu terroru törədənlərin, ona rəhbərlik edənlərin qanun qarşısında ən sərt şəkildə cəzalandırılmalı olduqlarını söylədilər. Terrorçudan qəhrəman düzəltmək, Azərbaycanda dinə, dindarlara təzyiq olduğunu dilə gətirmək nankorluqdur. Bu ölkə bizim evimizdir, onu çirkləndirmək, özlərinin mübtəla olduqları xəstəliklə yoluxdurmaq istəyənlərə qarşı birlikdə mübarizə aparmalıyıq. Məmurumuza, polisimizə atılan güllə dövlətimizə atılan güllədir və biz dindarlar birmənalı şəkildə bu hadisələri pisləyirik”, – deyə S.Cəfərov qeyd edib.

Seminar-müşavirənin birinci günü iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.