REGİONLAR
Tərtərdə hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi keçirilib
Tərtər, 4 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi illik tədbirlər planına uyğun olaraq, Tərtər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi keçirib. Məşqin keçirilməsində məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə üzrə hazırlıq səviyyəsinin yoxlanılması, hazırlığın tələb olunan səviyyədə saxlanılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, fövqəladə hal şəraitində birgə fəaliyyətlərin uzlaşdırılması, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məşqə regional mərkəzin aidiyyəti struktur bölmələri, Ağdam Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsi, yerli icra hakimiyyəti orqanının mülki müdafiə qərargahı, ərazi mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti cəlb olunub.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonunun düşmənlə 48 kilometr təmas xətti var. Düşmənin bir addımlığında ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, şəxsi heyət, texnika, avadanlıq və əmlakla komplektləşdirilməsi, eləcə də funksional vəzifələrlə bağlı məruzələri dinlənilib.
Sonda Tərtər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin rəhbərlərinin iştirakı ilə məşqin təhlili aparılıb. Təhlil zamanı məşqin gedişində yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.