REGİONLAR
Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb
Tərtər, 28 yanvar, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.
Tərtər Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2019-cu il yanvarın 1-i vəziyyətinə rayonda 28 min 520 baş qaramal, 54 min 721 baş qoyun-keçi, 264 min 376 baş ev quşu, 6687 arı ailəsi olub. İribuynuzlu mal-qaranın 99,4 faizi, xırdabuynuzlu heyvanların 94,7 faizi, quşların hamısı ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.
2018-ci ildə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 3071,2 ton ət, 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal edilib. 2017-ci ilə nisbətən diri çəkidə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması da mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması 2018-ci ildə də uğurla davam etdirilib. Ötən il 1840 baş inək və düyə süni yolla mayalandırılıb, 815 baş cinsi yaxşılaşdırılmış buzov alınıb. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.