REGİONLAR
Tərtərdə heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib
Tərtər, 7 avqust, AZƏRTAC
Tərtər rayonunda heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Tərtər rayon baytarlıq-diaqnostika kabinetinin direktoru Əlövsət Mustafayev AZƏRTAC-a bildirib ki, heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Kəndlərdə aparılan geniş maarifləndirmə tədbirləri, əldə edilən yüksək nəticələr, süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb.
İlin əvvəlindən rayonda fəaliyyət göstərən 5 süni mayalama texniki tərəfindən 372 baş inək və düyə süni yolla mayalandırılıb. Mayalama zamanı əsasən “Holştein-friz”, “Qara-ala”, “Şvis” cinsindən olan buğaların toxumları istifadə edilir.
Görülən tədbirlər nəticəsində Tərtər rayonunda mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb, ət və süd istehsalı artıb.