Tərtərdə inşa müsabiqəsi - Ulu Öndərin irsi milli sərvətimizdir
AzerTAg.az
Tərtər, 6 fevral, AZƏRTAC
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil sektorunun təşkilatçılığı ilə Uşaq, Gənclər, Şahmat İdman Məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda inşa müsabiqəsi keçirilib. “Heydər Əliyev İli” ilə əlaqədar silsilə təbirlər çərçivəsində keçirilən müsabiqədə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev və rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, gənclərə və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.
Sonra məktəblilər 90 dəqiqə ərzində düşüncələrini kağız üzərinə köçürüblər. İnşa yazı müsabiqəsinin qalibləri yaxın günlərdə elan ediləcək.


Xəbərin mətnində orfoqrafik səhv var