REGİONLAR
Tərtərdə keçirilən humanitar aksiyada 225 nəfər könüllü olaraq qan verib
Tərtər, 16 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Tərtər rayonu sakinləri də qoşulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyulun 16-da Heydər Əliyev Mərkəzində qanvermə aksiyası keçirilib. Aksiyada icra hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qarabağ müharibəsi veteranları, habelə sıravi vətəndaşlar, könüllü gənclər fəal iştirak ediblər. Kampaniyaya könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının peşəkar həkimləri tərəfindən həyata keçirilən xeyirxah aksiya zamanı 225 nəfər qan verib. Həkim hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilib. Hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.