REGİONLAR
Tərtərdə məcburi köçkünlər üçün tibbi aksiya keçirilib
Tərtər, 8 mart, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtər rayon Mərkəzi Xəstəxanasında məcburi köçkünləri müayinə edib. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib. Müayinəyə gələnlərdən bir nəfərin təcili cərrahi müdaxiləyə ehtiyacı olduğu aşkarlanıb və o, dərhal əməliyyat edilib. 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib. Məcburi köçkünlərlə sağlam həyat tərzinin əsas şərtləri və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı söhbətlər aparılıb. Sonra Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkib, onların səhhəti ilə maraqlanıblar.
Azərbaycanda əhalinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindəndir. Bu məqsədlə səhiyyə sistemi təkmilləşdirilir və inkişaf etdirilir, vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərilməsi üçün təsirli tədbirlər görülür. Prezident İlham Əliyevin tapşırığı ilə hər il respublika əhalisi hərtərəfli tibbi müayinəyə cəlb olunur. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müayinə və müalicəsində Birinci vitse-prezident Mehriban Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun çox böyük xidmətləri vardır.
Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə tibbi aksiyalar indiyədək Bakının Qaradağ rayonundakı “Qobu Park”da, Müşfiqabaddakı yaşayış kompleksində, Binəqədi rayonunun Mehdiabad qəsəbəsində və Naftalan şəhərində təşkil edilib. Aksiyaların digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub.