REGİONLAR


Tərtərdə modul tipli iki məktəb binası quraşdırılır

Tərtər, 8 yanvar, AZƏRTAC

Ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.

Son illərdə respubikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəb binalarının quraşdırılması da həyata keçirilir. Modul tipli məktəb binalarının üstünlüyü onların azməsrəfli olması, qısa müddətdə istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun rahatlıqla azaldılıb-artırılmasıdır. Binaların tikintisində əsasən yerli istehsal olan məhsullardan istifadə edilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, modul tipli məktəb binalarından ikisi hazırda Tərtər rayonunda quraşdırılır. Tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin "Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 16 fevral tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

Kovdadıq kənd tam ibtidai məktəbi üçün quraşdırılan bina 20, Zolgörən ümumi orta məktəbi üçün qurulan bina isə 56 şagird yerlikdir. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə aparılır. Artıq binaların bünövrəsi tökülüb və quraşdırma işləri görülür. Binalar müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin ediləcək, həyətlərində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq.

Qeyd edək ki, ötən il Tərtər rayonunun Bayandur və Poladlı kəndlərində də modul tipli məktəb binaları quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.