CƏMİYYƏT
Tərtərdə narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar
Bakı, 6 iyun, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz olaraq daşınmasında şübhəli bilinən Goranboy rayon sakini Etibar Əzizov Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb. Eyni zamanda, E.Əzizovun narkotiki 40 manat müqabilində Gəncə şəhər sakini Rasim Talıbovdan aldığı müəyyən edilib. Davam etdirilən tədbirlərlə R.Talıbov da saxlanılaraq polis şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı əlində daşıdığı sellofan torbadan 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.