REGİONLAR
Tərtərdə növbəti suvarma mövsümünə ciddi hazırlıq işləri görülür VİDEO
Tərtər, 2 fevral, AZƏRTAC
Tərtər rayonunda növbəti suvarma mövsümünə ciddi hazırlıq işləri görülür.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Tərtər rayonunda əkin sahələrinin növbəti suvarma mövsümündə su ilə təminatının yaxşılaşdırılması üçün Tərtər Suvarma Sistemləri İdarəsi gücləndirilmiş iş rejiminə keçib. Artıq bu ilin məhsulu üçün əkilmiş taxıl, arpa, yem və yonca bitkilərinin suvarılması tam başa çatdırılıb. Hazırda su itkisinin qarşısının alınması üçün arxların lildən və kol-kosdan təmizlənməsi işləri davam etdirilir. Bu prosesi həyata keçirən texnikaların sıradan çıxmış ehtiyat hissələri və yağ sistemləri yenisi ilə əvəz edilərək saz vəziyyətə gətirilib. İdarə tərəfindən təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda 420 min kubmetr lildən təmizləmə işləri aparılıb.
Tərtər Suvarma Sistemləri İdarəsinin balansında 552 ədəd subartezian quyusu var. Ötən il 228 subartezian quyusunun nasosları əsaslı təmir olunaraq işə salınıb, 46 subartezian quyusunun yararsız nasosları yenisi ilə əvəz olunub. Balansda olan 22 subartezian quyusunda avtomatlaşdırılmış idarəetmə sistemlərinin quraşdırılmasına başlanılıb, 20 ədəd hidrotexniki qurğu təmir edilib. Bundan əlavə, cari ildə uzun müddət qəzalı vəziyyətdə olduğu üçün istismarı səmərəsiz olan 4 ədəd subartezian quyusunun iş rejiminin yenidən bərpası başa çatdırılıb.
Qeyd edək ki, idarənin balansında olan əkin sahələrinin 15 min hektarı Tərtər çayı, 13 min 500 hektarı subartezian quyuları və 400 hektarı isə İncəçay çayı vasitəsilə suvarılır.