REGİONLAR
Tərtərdə payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır
Tərtər, 20 noyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda payız-qış mövsümünə hazırlıq daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən məqsədyönlü tədbirlər rayon sakinlərinin payız-qış mövsümünü heç bir problem olmadan başa vurmalarına imkan verir.
Tərtər Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, payız-qış mövsümündə əhalini fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün elektrik yarımstansiyalarında, yağ açarlarında və transformatorlarda təmir işləri görülüb, hava elektrik verilişi xətlərində qüsurlu izolyatorlar yenisi ilə əvəzlənib, naqillər texniki təhlükəsizlik və istismar qaydalarının tələblərinə uyğun vəziyyətə gətirilib. Bu işlər üçün 12 min 236 metr kabeldən və 12 min metrdən çox naqildən istifadə olunub. İstifadəyə yarasız dayaqların yerinə 95 ədəd dəmir-beton dayaq və 123 ədəd metal dayaq basdırılıb. İstismar müddətini başa vurmuş 8 transformator yenisi ilə əvəzlənib. Cari ildə Tərtər Elektrik Şəbəkəsində qəzalı vəziyyətdə olan 35/6 kV-luq Tərtər yarımstansiyası ləğv edilərək, 110/35/6-luq Tərtər yarımstansiyasına birləşdirilib. 110/35/6 kV-luq Tərtər yarımstansiyasında isə yenidənqurma işləri aparılıb.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisindəki qaz kəmərləri kipliyə və möhkəmliyə görə yoxlanılıb, şkaf və siyirtmələrə texniki baxış keçirilib, sızmalar aradan qaldırılıb. Oktyabr ayında rayonun Hacallı, Soyulan, Alışarlı, Aşağı Qapanlı, Rəcəbli, Kövdadıq, Bildirçinli və Umudlu kəndlərinə təbii qaz verilib. Bununla da rayonun bütün yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb.
Rayonun istilik təchizatı obyektlərinin qazanxana və istilik şəbəkələri, magistral istilik kəmərləri, nəzarət ölçü cihazları, qaz və elektrik avadanlıqları da payız-qış mövsümünə tam hazır vəziyyətə gətirilib. Tərtər istilik sistemləri istismar sahəsi tərəfindən 6 ədəd qazanxana ilə 35 yaşayış binası, 1220 yaşayış mənzili, 10 məktəb, 2 səhiyyə müəssisəsi, 1 sosial obyekt istiliklə təmin edilir. Qazanxanalarda bütün nasoslar, elektrik mühərrikləri və nəzarət-ölçü cihazları təmir olunaraq, saz vəziyyətə gətirilib. Qazanlar və istilik mübadilə avadanlıqları mexaniki və kimyəvi üsulla təmizlənib.
Tərtər rayonunda əhalinin içməli su ilə təminatı da diqqət mərkəzindədir. Belə ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb. Seydimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı, Cəmilli və İsmayılbəyli kəndlərinə də içməli su xətləri çəkilib, bulaqlar quraşdırılıb və əhali içməli su ilə təmin edilib. “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, Tərtər rayonunun Mamırlı, Evoğlu, Təzəkənd və Poladlı kəndlərində su layihələri başa çatmaq üzrədir.