CƏMİYYƏT
Tərtərdə polis əməkdaşları şəhidlərimizin əziz xatirəsini anıblar
Bakı, 27 sentyabr, AZƏRTAC
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların hərbi qulluqçusu, əsgər Cahangir Surxayzadənin ailəsini və məzarını ziyarət ediblər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları şəhidin ailə üzvlərinin yaşadığı evdə olublar, onların qayğıları ilə maraqlanıblar.
Sonra şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb.
Qeyd edək ki, Cahangir Surxayzadə Prezident İlham Əliyevin sərəncamlari ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.