CƏMİYYƏT
Tərtərdə qərb küləyinin sürəti saniyədə 30 metrədək güclənib
Bakı, 24 yanvar, AZƏRTAC
Yanvarın 24-ü gecə saatlarından başlayaraq ölkə ərazisinə soyuq atmosfer cəbhəsinin yaxınlaşması nəticəsində hava şəraiti dəyişib. Qubada 5, Qusar, Şahbuzda 4, Altıağacda 3, Xaltanda 2, Xınalıq, Naxçıvan, Ordubad, Culfa, Gədəbəy, Lerik, Ağdərə (Ordubad), Qrızda 1 millimetr qar yağıb. Nabran, Şabranda 2, Bakıda və Abşeron yarımadasında - Maştağada 2, Zabrat, Binə, Pirallahıda 1 millimetr yağış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva yanvarın 24-də keçirilən mətbuat konfransında məlumat verib.
Departamentin direktoru bildirib ki, qar örtüyünün hündürlüyü Ağdərədə 22, Lerikdə, Qırızda 7, Xınalıqda 6, Şahbuzda 5, Kişçayda 4, Qusarda 3, Yardımlı, Altıağac, Naxçıvanda 2, Xaltan, Qubada 1 santimetr olub.
Qərb küləyi Tərtərdə 30, Daşkəsəndə 25, Naftalanda 24, Mingəçevirdə 23, Yardımlıda 19, Göyçay, Şamaxıda 18, Bərdə, Şəkidə 17, Bakıda və Abşeron yarımadasında: Biləcəridə 28, Maştağada 26, Qum adasında 24, Bakı, Zabratda 22, Pirallahıda 21 metr/saniyəyədək güclənib.
Neft Daşları Stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 3.2 metrə çatıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 2-6, yüksək dağlıq rayonlarda 10-15 dərəcə şaxta olub.