REGİONLAR
Tərtərdə şəhid Aslan Hüseynovun xatirəsinə inşa edilmiş bulaq açılıb
Tərtər, 28 sentyabr, AZƏRTAC
Tərtər rayonunun Qaradağlı kəndində şəhid Aslan Hüseynovun xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Aslan Hüseynovun qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb, ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, Vətən müharibəsi dövründə beynəlxalq hüquq normalarını pozaraq Tərtər şəhəri də daxil olmaqla, rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki şəxs şəhid olub, 63 nəfər isə yaralanıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi, arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Milli Məclisin deputatı Sahib Aliyev çıxış edərək Vətən müharibəsində ordumuzun göstərdiyi döyüş şücaətindən, xalq-iqtidar-ordu birliyindən danışıb.
Çıxışlarda Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Aslan Hüseynov və onun kimi oğullarımızın xatirəsinin heç vaxt unudulmayacağı vurğulanıb.
Şəhidin atası Malik Hüseynov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonra şəhidin övladları və məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.