REGİONLAR
Tərtərdə şəhid Zülfüqar Qasımovun xatirəsi anılıb
Tərtər, 8 mart, AZƏRTAC
Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində Azərbaycanın ərazi bütövlüyü döyüşlərdə şəhid olmuş Zülfüqar Qasımovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Z.Qasımovun ailə üzvləri və döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər əvvəlcə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzüb, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. Bu, dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir.
Tədbirdə şəhidin qardaşı Etibar Qasımov, müəllimi Fitat Əliyeva, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov şəhid Zülfüqar Qasımovla bağlı xatirələrini bölüşərək, onun mənalı həyatından və rəşadətli döyüş yolundan danışıblar.
Sonda şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.