Tərtərdə şəhid ailəsi ziyarət edilib
AzerTAg.az
Bakı, 5 dekabr, AZƏRTAC
Sentyabrın 27-dən başlayaraq müzəffər Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız erməni işğalından azad edilib. Əsgərlərimiz qələbə dastanı yazıb, tariximizdə yeni qəhrəmanlıq səhifələri açıblar. Bu səhifələrdən biri də Şuşada yazılıb. Şuşanın azad olunması uğrunda hərbçilərimiz əlbəyaxa döyüşlərdə xüsusi şücaət göstərərək mənfur düşməni ağır məğlubiyyətə düçar edib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu döyüşlərdə iştirak edən və qəhrəmancasına şəhid olan igid əsgərlərimizdən biri də Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu Cahangir Surxayzadə idi. Tərtər rayonunun Qapanlı kəndində anadan olan C.Surxayzadə Şuşanın alınmasında igidlik göstərib. Əməliyyatlarda fəal iştirak edib, qəlpə yarası alaraq şəhid olub.
Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov şəhid C.Surxayzadənin ailəsini ziyarət edib, ailə üzvlərinə başsağlığı verib. Qəhrəmanımızın daima yaddaşlarda yaşayacağını və heç vaxt unudulmayacağını deyib.
Şöbə rəisi şəhidin ailə üzvləri ilə səmimi söhbət edib. Onları narahat edən məsələləri dinləyib.
Şəhidin qardaşının işlə təmin olunması üçün aidiyyəti orqanlara müraciət olunub, əməli addımlar atılıb.



Xəbərin mətnində orfoqrafik səhv var