REGİONLAR
Tərtərdə şəhidlərin xatirəsinə inşa edilən abidənin açılışı olub
Tərtər, 13 may, AZƏRTAC
Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində düşmən tərəfindən Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Bir fikir vurğulanıb “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.