REGİONLAR


Tərtərdə şəhidlərin xatirəsinə tikilmiş abidə və bulağın açılışı olub

Tərtər, 20 sentyabr, AZƏRTAC

Tərtər rayonunun Alışarlı kəndində “Şəhidlər abidəsi”nin, Hacallı kəndində isə “Şəhid bulağı”nın açılışı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Alışarlı kəndində keçirilən tədbirdə ilk olaraq Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, abidənin önünə əklil və gül dəstələri düzülüb. Çıxış edənlər ötən il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, Vətən müharibəsində erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri də daxil olmaqla rayonun 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və evlərini tərk etməyib, evləri dağılsa da, şəhidlər versələr də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Həmin gün rayonun Hacallı kəndində Vətən müharibəsi şəhidi Sabirli Əjdər Xanlar oğlunun xatirəsinə tikilmiş bulağın da açılışı olub. Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.