REGİONLAR
Tərtərdə şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub
Tərtər, 18 iyun, AZƏRTAC
Tərtər rayonunun Kəbirli kəndində şəhid Hüseynov Elnur Əhliman oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edənlər ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıblar. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.
Vurğulanıb ki, şərəfli döyüş yolu keçən və Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olan Elnur Hüseynov və onun kimi oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq. Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16 min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücaət göstəriblər.
Həmin gün 2020-ci ilin oktyabrın 24-də Tərtər rayonunun Kəbirli kəndinə erməni silahlı birləşmələri tərəfindən qadağan olunmuş Simerç raketinin atılması nəticəsində şəhid olmuş 2004-cü il təvəllüdlü Xoruzlu kənd sakini İsmayılzadə Orxan Rəhbər oğlunun xatirəsinə tikilmiş bulağın da açılışı olub.