REGİONLAR
Tərtərdə səsverməni 443 müşahidəçi izləyir VİDEO
Tərtər, 1 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda seçkilər uğurla davam edir. Tərtərli seçicilər məntəqələrə gələrək öz seçki hüquqlarından istifadə edir, istədikləri namizədə səs verirlər.
95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının sədri Həmid Mehdiyev AZƏRTAC-a bildirib ki, parlament seçkiləri seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 37601 nəfərdir. Səsvermənin gedişini 443 müşahidəçi izləyir. Dairə üzrə 6 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.
Seçki dairəsinin digər məntəqələrində olduğu kimi, Tərtər şəhər mədəniyyət evinin binasında yerləşən 1 saylı məntəqədə də seçkilər yüksək səviyyədə keçirilir. Məntəqə seçki komissiyasının sədri Məzahir Cəfərov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb, səsvermə prosesini izləmək üçün veb-kamera quraşdırılıb. Burada səsvermə hüququ olan 1401 nəfər seçici var. Onlar səhər saat 8-dən etibarən məntəqəyə gəlir, istədikləri namizədə səs verirlər. Sakinlər, xüsusən də qadınlar səsvermədə fəallıq göstərirlər.
Səsvermənin gedişini izləyən müşahidəçı Etibar Gülməmmədov səhər saat 8-dən məntəqədə olduğunu, heç bir qanun pozuntusuna rast gəlinmədiyini bildirib.
Tərtər rayonunda gənclər və yaşlı nəslin nümayəndələri də seçkilərdə fəal iştirak edirlər. 95 saylı seçki dairəsi üzrə seçicilərin 644 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edən gənclərdir. 955 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin yaşı isə 100-dən yuxarıdır. Rayonun ən yaşlı seçiciləri olan Seydimli kənd sakini 117 yaşlı Minə Əliyeva və Səhləbad kənd sakini 115 yaşlı Gövhər Almuradova da seçkilərdə səs veriblər.